Müraciət

 Prezident, Prof. Dr. Kənan Yusif-zadə                                                                                                                     Prezident, Prof. Dr. Kənan Yusif-zadə     

 

Hörmətli Həmkarlar !  

“Hərbi Cərrahlar” İctimai Birliyinin rəsmi saytına xoş gəlmisiniz ! 

 

Bu gün Azərbaycanın regionda lider dövlətə çevrilməsi, respublikamızın dinamik iqtisadi inkişafı ilə yanaşı, həm də ölkənin hərbi qüdrətinin artması ilə şərtləndirilən bir məsələdir. Məhz bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialının durmadan yüksəldilməsi, silah və hərbi texnikanın daim təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması kimi məqamlar dövlətimizin və ölkə rəhbərliyinin hər zaman xüsusi diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən olaraq qalmaqdadır.


Təbii ki, güclü ordu hər şeydən öncə fiziki baxımdan sağlam və güclü əsgər, həmçinin zabitlər deməkdir. Bu baxımdan bilavasitə ordunun hərbi-tibbi personalının üzərinə düşən məsuliyyət də xüsusi ciddiliyi ilə fərqlənir. Dövlətçiliyimizin, vətənin müstəqilliyinin keşiyində duran əsgər və zabitlərimizin sağlamlığı və nəticə etibarı ilə ordunun döyüş qabiliyyəti də bu personalın peşəkarlığından, işinə qarşı məsuliyyətindən və fədakarlığından çox asılıdır. Əbəs yerə deyildir ki, hərbi həkimlər hər zaman məhz bu xüsusiyyətlərinin daha güclü təzahürləri ilə öz mülki həmkarlarından müəyyən qədər fərqləniblər.


Uzun illər boyu hərbi münaqişə şəraitində yaşamasına baxmayaraq, Azərbaycanın hərbi cərrahiyyəsi inkişaf etmişdir, zəngin təcrübəsi formalaşmışdır. Ötən illərlə müqayisədə hərbi tibb, xüsusilə də hərbi cərrahiyyə sahəsində uzun yol qət edilmişdir. Müasir dövrümüzdə baş verən silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində sağlamlığını itirmiş hərbi və mülki şəxslərin müalicəsində hərbi cərrahların fəaliyyəti mühüm əhəmiyyət daşıyır. 2018-ci ilin dekabr ayında yaradılmış “Hərbi Cərrahlar” İctimai Birliyinin əsas məqsədi də tibb elminin öncəliklə hərbi cərrahiyyə və cərrahiyyənin hər bir sahəsinin inkişafına yardım etmək, bu sahədə çalışan mütəxəssislərə dəstək olmaqdan ibarətdir.


Saytı yaratmaqda məqsədimiz təkcə “Hərbi Cərrahlar” İctimai Birliyinin işi, onun təşkil etdiyi tədbirlərlə tanış etmək istəyi deyil, həmçinin hər bir kəsə Azərbaycanda və xaricdə cərrahiyyənin inkişafını izləmək imkanı yaratmaq, Azərbaycanın cərrahiyyə sahəsində çalışan mütəxəssisləri arasında əlaqələrin yaranmasına, inkişaf etməsinə kömək etmək, onların səylərinin birləşdirilməsinə yardım göstərməkdir.


Son dövrlər Azərbaycanda səhiyyə sahəsində çox sayda beynəlxalq tədbirlər keçirilir. 2013-cü ilin mart ayında Azərbaycanda ilk dəfə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Bakıda Hərbi Cərrahiyyəyə dair simpozium, 2018-ci ilin may ayında isə hazırda prezidenti olduğum Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun (APIMSF) 30-cu yubiley görüşü və 1-ci Konqresi keçirilmişdir. Hər iki tədbirdə də cərrahiyyə, xüsusilə də hərbi cərrahiyyə sahəsində böyük nüfuza malik tibb müəssisələrinin nümayəndələri öz təcrübələrini paylaşmışlar.


“Hərbi cərrahlar” İctimai Birliyi olaraq əsas məqsədimiz də bu ənənəni davam etdirmək, ölkədə və xaricdə cərrahiyyə sahəsində həyata keçirilən tədbirlərdə, tibb sahəsində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsində iştirak etmək, cərrahiyyə sahəsində çalışan istedadlı tibb xadimlərinin, elmi-pedaqoji işçilərin, tələbələrin inkişaf etmələrinə yardım göstərmək, cərrahiyyə sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsidir.


“Hərbi cərrahlar” İctimai Birliyi tibbin aşağıda göstərilən sahələrini əhatə edir:


•    Ümumi cərrahiyə
•    Hərbi-səhra cərrahiyyə
•    Torakal cərrahiyyə
•    Üz-çənə cərrahiyyəsi
•    Travmatologiya və ortopediya,
•    Onurğa cərrahiyyəsi
•    Plastik cərrahiyə
•    Damar Cərrahiyyəsi
•    Fövqəladə Cərrahiyyə
•    Təcili yardım Cərrahiyyəsi
•    Travma və fəlakət təbabəti
•    Travma sistemləri və qayğı keyfiyyəti
•    Səyyar Cərrahiyyə
•    Endoskopik cərrahiyyə
•    Reanimasiya – anesteziologiya
•    Cərrahiyyədə yeni texnologiyalar
•    Cərrahi təhsil və simulyasiya
                   
Ümid edirəm ki, “Hərbi Cərrahlar” İctimai Birliyi araşdırmalar, görüşlər, nəşrlər vasitəsilə cərrahiyyə elminin təşviqinin həyata keçirilməsi və peşəkar cərrahların təcrübə mübadiləsi üçün ön platforma rolunu oynayacaq.  
Həkimlərimizi əməkdaşlığa çağırır, işlərində müvəffəqiyyətlər arzu edirəm !