Travmalı xəstənin müalicəsində təcili yardım modellərinin effektivliyi

Modern tibbi xidmətlər içərisində təcili tibbi yardım və ilk yardım xidmətinin yeri və vacibliyi hər keçən gün artır. Səhiyyə siyasətində müxtəlif modellərin tətbiqi, texnoloji inkişaf travmaya məruz qalmış orqanizmin ömrünün uzanmasına, əlilliklərin azalmasına, əmək qabiliyyətinin artmasına, dövlətlərə düşən maliyyə yükünün azalmasına gətirib çıxarır. Bu məqalədə dünyada təcili yardım modelləri haqqında məlumat veriləcək. Ölkələrin təcili tibbi yardım modelləri bir birindən fərqlənir. Hər bir ölkənin özünə məxsus siyasi, sosial və psixoloji xüsusiyyətləri bu xidmətlərin tətbiqində mühüm rol oynayır.

Bu fərqliliklərə baxmayaraq bütün təcili yardım sistemləri 2 əsas model üzərində qurulmuşdur. Bu modellər aşağıdakılardır:

  • Anqlo-amerikan modeli
  • Franko-german modeli

Anqlo-amerikan modelində xəstə daha təkmil və keyfiyyətli xidmət ala bilməsi üçün sürətli şəkildə xəstəxanaya çatdırılır. Franko-german modelində isə xəstəyə yardım göstərilməsi üçün tibbi ləvazimatlar modern texnoloji vasitələrlə hadisə yerinə transver edilir.

Təcili tibbi yardım sistemi vasitəsilə travmaya məruz qalan xəstələrin daha da ağırlaşmasının qarşısını almaq üçün sürətli müdaxilə və sürətli qərar vermə əsas alınır. Dünyada yeni açılan təcili tibbi yardım sistemlərində Anqlo-amerikan modeli tətbiq edilir. ABŞ, İngiltərə, İrlandiya, Hollandiya, Avstraliya, Türkiyə, Kanada bu sistemi müvəffəqiyyətlə tətbiq edir. Franko-german modelinə isə Avstriya, Fransa, Almaniya, Norveç, İsveçrə, Finlandiya kimi ölkələri misal göstərmək olar. Azərbaycan SSRİ-nin mənimsədiyi Franko-german modelini  tətbiq edir.

Travmada təcili tibbi yardım xidmətləri şərti olaraq xəstəxanaya qədər yardım(preklinik) və xəstəxanada yardım(klinik)  olaraq iki yerə ayrılır. Hər iki modeldə əsas hədəf xəstəyə maksimum yüksək tibbi xidmət göstərməklə ölüm hallarının və əlilliyin azaldılmasıdır. Preklinik və klinik yardımın mexanizmi baxımından modellər bir-birindən fərqlənir.

Anqlo-amerikan modeli

Dünya Səhiyyə Təşkilatının 2013-cü ilə aid nəticələrinə görə qəza nəticəsində dünyada 1,28 milyon ölüm baş verir. Travma 1-44 yaş arasında birinci ölüm səbəbi, bütün yaş qrupu ölümlərdə isə xərçəng və kardiovaskular xəstəliklərdən sonra 3-cü yerdədir. Amerika Travma Komitəsinin məlumatlarına əsasən: «Qızıl saat» olaraq dəyərləndirilən ilk 60 dəqiqə politravmalı xəstəyə müdaxilə üçün ən vacib  zamandır. Xəstəxana ölümlərinin 65%i məhz bu zaman içində görülür, lakin düzgün və planlı müdaxilə ilə bu ölümlərin 35%-ə qədər endirilə bilər.

Anqlo-amerikan modeli ``qucaqla və sürətli hərəkət et`` fəlsəfəsini əsas alır. Bu modelin mahiyyəti daha az preklinik müdaxilə edərək sürətli bir şəkildə təkmil klinik müdaxilənin göstəriləcəyi xəstəxanaya daşımaqdan ibarətdir. Paramedik və tibb texniklərinin nəzarəti ilə bu xidmət həyata keçirilir. Bu modeli mənimsəyən ölkələrin xəstəxanalarında  təcili tibbi yardım xidməti inkişaf etmişdir və təcili tibb həkimi ixtisası daşıyan həkimlər tərəfindən bu  tibbi xidmət həyata keçirilir. Bu həkimlər rezidentura proqramı vasitəsilə təcili tibb həkimi ixtisasına yiyələnirlər. Bu modeldə paramediklər vasitəsilə bütün xəstələr hadisə yerindən birbaşa xəstəxananın təcili tibbi yardım departamentlərini transver edilir. Dünyada yeni qurulan bir çox təcili tibbi yardım sitemləri Anqlo-amerikan modelini mənimsəmişdir. Türkiyədə təcili tibbi yardım sistemində Anqlo-amerikan modeli müvəffəqiyyətlə tətbiq olunur.

Franko-german modeli

Avropada 1990-cı ildən əvvəl kəskin yaralanmalara məruz qalan insanlara  göstərilən təcili tibbi xidmətdə hər hansı bir dominant bir model yox idi. Bu qrup xəstələr fərdi həkim müayinəsi, ambulans həkimləri, bəziləri isə ambulatoriyalarda təcili tibbi müdaxilələr alırdı. Avropada təəccüblüdür ki bir-birindən fərqlənən modellər mənimsənilmişdir. Rusiya Federasiyasında xəstələrə hadisə yerində təkmil təcili tibb xidməti göstərilərək təcili tibbi yardım departamentlərinə deyil birbaşa uyğun ixtisas  şöbələrinə transver edilir. Franko-german modeli adlanan bu sistemdə ``qal və stabilizə et`` fəlsəfəsi mənimsənilmişdir. Bu modeldə hadisə yerində təcili tibbi xidmət  Anqlo-amerikan modelindən fərqli olaraq paramediklər deyil həkimlər tərəfindən həyata keçirilir. Bu xidməti çox hallarda anestezioloq reanimatoloq ixtisaslı həkimlər həyata keçirir. Avropa ölkələrinin 70%i həkim mərkəzli bu modeli tətbiq edir. Burdakı paramediklər klinik müdaxilə göstərmək hüququna malik deyildir. Tibb bacısı(qardaşı)  statusuna uyğun şəkildə fəaliyyət göstərirlər.Təcili tibb həkimi ixtisası yoxdur. Xəstəxanalarda təcili tibbi yardım departamentləri yerinə qəbul şöbələri fəaliyyət göstərir.

Bu modellər arasındakı əsas fərq: Anqlo-amerikan sistemində yaralı xəstəxanaya gətirilir, Franko-german sitemində isə "xəstəxana xəstəyə aparılır".

 

Model

Franko-german

Anqlo-amerikan

Tibbi yardım

Hadisə yerində ən çox müdaxilə

Xəstəxanada ən çox müdaxilə

Tibbi heyət

Həkim

Paramedik

Məqsəd

Xəstəxana  transver edilir

Xəstə xəstəxanaya aparılır

Transport yeri

Birbaşa uyğun şöbəyə

Təcili yardım departamentinə

Maliyyəti

Ucuz

Daha baha

 

Hər iki model  maliyyə və effektivlik baxımından araşdırılmış və bəzi nəticələr əldə edilmişdir. Hər iki modelin üstünlükləri və çatışmazlıqları vardır. Model seçimlərinə baxdıqda isə gündəlik ehtiyacları qarşılamada Anqlo-amerikan siteminin üstünlüyü özünü göstərir. Ölkələr tibbi personal əskikliyi xüsusən həkim azlığı səbəbilə təcili yardım sistemlərində bu modelə üstünlük verir.

Eyni zamanda Anqlo-amerikan modelinə malik  ölkələrdə təcili tibbi müdaxilələr xüsusən travmaya məruz qalan xəstələrin müalicəsi üçün sistematik protokollar inkişaf etdirilmiş və müvəffəqiyyətlə preklinik olaraq tətbiq edilir(ALS, ACLS, ATLS və s.). Bu təlimlər eyni zamanda qeyri-tibbi ixtisasa malik insanların öyrədilməsi üçün də tətbiq edilir.

Travma Mərkəzi 

Travma Mərkəzi ağır travmaya məruz qalan xəstələrdə  təkmil tibbi müdaxilə üçün təsis edilmiş diaqnostika və müalicə mərkəzləridir. Travma Mərkəzləri ACS– COT (Amerikan Travma Cərrahları Birliyi)-a görə 4 qrupda səviyyələndirilmişdir. Bu səviyyələr xəstəxanada 24 saatlıq müdaxiləyə imkan tanıyan maddi-texniki bazanın tam təchizatına, tibbi personalın və həkim ixtisaslarının çeşidliliyinə, əhalinin sayına, travmanın ağırlığına və s. kriteriyalara görə biri digərindən fərqlənir. Azərbaycanda da qəzalar nəticəsində travmaya məruz qalan xəstələrin sayını və təlabatını nəzərə alaraq bu tipli mərkəzlərin yaradılmasına və ya modern standartlarda təkmilləşdirilməsinə ehtiyac var. Xüsusən müharibə şəraitində bu tipli mərkəzlərin modern standratlarda xidmət göstərməsi həyati önəm daşıyır.

 

                                                   

Dr. Şəhriyar B. Fətullayev

Ortopediya və Travmatologiya Uzmanı